Vyetnamın xəbər portalı Ermənistanın sərhəddəki təxribatı barədə yazır
Pekin, 17 iyul, AZƏRTAC
Vyetnamın əsas dövlət media holdinqlərindən sayılan VOV şirkətinə daxil olan və milyonlarla oxucusu olan VOV xəbər portalında Azərbaycanın Vyetnamdakı səfirliyində təşkil olunmuş mətbuat konfransına istinadən Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatçı əməl nəticəsində yaranmış vəziyyət barədə məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə sözügedən təxribat nəticəsində hərbi qarşıdurmanın baş verdiyi, Azərbaycan hərbçilərinin və mülki şəxsin qətlə yetirildiyi bildirilib. Həmçinin yazıda hərbi qarşıdurma zamanı artilleriya və digər ağır, habelə atıcı silahlardan istifadə edildiyi qeyd olunub. Baş vermiş hadisələr zamanı Ermənistanın bir neçə hərbi obyektinin məhv edildiyi bildirilib.
Məqalədə, həmçinin Azərbaycan səfirliyində təşkil olunan mətbuat konfransında səfir Anar İmanovun beynəlxalq ictimaiyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquqa uyğun olaraq, o cümlədən BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamə əsasında, Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmasını dəstəkləməyə çağırdığı vurğulanıb.
Yazıda hazırkı təhlükəli vəziyyətin Ermənistanın Azərbaycana qarşı təcavüzünün 30 ilə yaxın davam etməsindən və danışıqlarda bu günədək irəliləyişə nail olunmamasından yarandığı vurğulanıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin