İDMAN
WADA-nın ekspert qrupu Moskvadakı antidopinq laboratoriyalarını yoxlayacaq
Bakı, 7 yanvar, AZƏRTAС
Dünya Antidopinq Agentliyinin (WADA) ekspertləri yanvarın 9-da Moskvadakı antidopinq laboratoriyalarının məlumat bazasını yoxlamaq üçün Rusiya paytaxtına səfər edəcəklər. Bu barədə Rusiya İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, ötən il sentyabrın 20-də WADA Rusiya Antidopinq Agentliyinin səlahiyyətlərini bərpa edib. Bu addımın başlıca şərti isə dekabrın 31-dək Moskvadakı antidopinq laboratoriyalarının məlumat bazasının yoxlanılması olub. Beynəlxalq ekspertlər noyabr və dekabr aylarında bu laboratoriyalarda olsalar da, avadanlıq sertifikatları Rusiya standartlarına uyğun gəlmədiyi üçün yoxlama apara bilməyiblər.
WADA-nın Rusiya idmançılarına qarşı yenidən sanksiyalar tətbiq ediləcəyi bəyanatından sonra ekspertlərin yenidən bu laboratoriyalara gəlməsi vaxtı müəyyən olunub. Yanvarın 14-də isə WADA-nın komitəsi yenidən Rusiya Antidopinq Agentliyinin statusu məsələsinə baxacaq.