Xaçmaz Rayon Mərkəzi Kitabxanasında Zəfər Günü qeyd olunub
Xaçmaz, 3 noyabr, Elxan Yusifli, AZƏRTAC
44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi və Gənclər filialının birgə təşiklatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan “Zəfər sənindir, Azərbaycan əsgəri!” adlı tədbirdə danışılıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin, Xaçmaz Regional Mədəniyyət İdarəsinin, mədəniyyət müəssisələrinin əməkdaşlarının, Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin iştirak etdiyi tədbirdə Dövlət Himni səsləndikdən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin bədii hissəsində fəal oxucuların ifasında “Ağlama şəhid anası”, “Zəfər bayrağı”, “Şəhidin səsi” və digər şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya, rəqslər, 44 günlük Zəfər tariximizi əks etdirən videoçarx nümayiş olunub, Elvin Ağayev “Vətənim Azərbaycan” musiqisini ifa edib.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, Xaçmaz rayon MKS-nin Uşaq Şöbəsinin müdiri Günay Məsimova, qazi Tariyel Didarov və digərləri çıxış edərək Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açıblar.
Daha sonra şəhidlərin və qazilərin övladları şeirlər səsləndiriblər.
Tədbirin sonunda şəhidlərin gənc rəssam Aytən Fərzəliyeva tərəfindən çəkilən şəkilləri analarına təqdim olunub, qazilərə, şəhid analarına və övladlarına xatirə hədiyyələri verilib.