REGİONLAR
Xaçmazda sel suları 20-dən artıq evin dağılmasına səbəb olub
Xaçmaz, 18 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda güclü yağış səbəbindən yaranan sel suları 300-dən artıq fərdi yaşayış evinə ziyan vurub, 20-dən artıq ev dağılıb.
Xaçmaz Rayon İcra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yağışlar nəticəsində yaranmış sel Vəlvələçay və Qaraçay çaylarının üzərindəki avtomobil körpülərini yararsız vəziyyətə salıb. Bundan başqa, davamlı xarakter alan leysan yağışları əkin sahələrinə və fərdi təsərrüfatlara da ziyan vurub.
Yaranmış vəziyyətlə əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əlaqədar qurumların nümayəndələri zərər çəkmiş ərazilərdə olub sakinlərlə görüşüblər. Yaranmış vəziyyətlə əlaqədar bütün qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Sakinlərə dəymiş ziyan araşdırılır. Zərər çəkmiş insanların diqqətinə çatdırıb ki, Azərbaycan dövləti hər zaman ən çətin məqamlarda öz vətəndaşının yanında olub. Bundan sonra da hər bir rayon sakininə baş vermiş təbii fəlakətlə bağlı müvafiq köməklik göstəriləcək.