Xaçmazda vətəndaşsızlıq hallarının aradan qaldırılmasına həsr edilmiş konfrans keçirilib
Bakı, 7 mart, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) Xaçmazda vətəndaşsızlıq hallarının aradan qaldırılmasına dair konfrans təşkil edib.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin “Vətəndaşlıq məsələləri əsas insan hüquqlarından biridir” mövzusunda təşkil etdiyi konfransda Xaçmaz rayon rəhbərliyi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin, aidiyyəti dövlət orqanlarının məsul əməkdaşları, ictimaiyyət təmsilçiləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.
Xaçmaz regional miqrasiya idarəsinin rəisi, miqrasiya xidməti müşaviri Hidayət Rüstəmov tədbirin məqsədi barədə məlumat verib. Xidmətin ölkədə sənədsiz yaşayan şəxslərin leqallaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamı olaraq Xaçmazda belə bir konfransın keçirilməsinin əhəmiyyətini qeyd edib.
Sonra DMX-nin vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Rza Talıbov çıxış edərək bildirib ki, Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib. Həmin dövrdən Xidmət tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğuların araşdırılmasına başlanılıb. Habelə Azərbaycan Prezidentinin Fərmanına əsasən Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirən müvafiq icra hakimiyyəti orqanı kimi müəyyənləşdirilib. DMX tərəfindən vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər görülməkdədir.
Qeyd edilib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildən indiyədək 2199 nəfər Azərbaycan vətəndaşlığına qəbul, 66 nəfər isə bərpa edilib. Vətəndaşlığa qəbul olunmuş şəxslərdən 1528 nəfəri, vətəndaşlığa bərpa edilmiş şəxslərdən isə 44 nəfəri vətəndaşlığı olmayan şəxslərdir.
Bununla belə, Xidmət tərəfindən 101 min 64 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınaraq, onlar aidiyyəti dövlət qurumu tərəfindən Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin ediliblər.
Məlumat verilib ki, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərin müraciətləri Dövlət Miqrasiya Xidmətində, Xidmətin regional miqrasiya idarələrində və ya “ASAN xidmət” mərkəzlərində qəbul edilir və sənədlərin dövriyyəsi elektron qaydada həyata keçirilir.
Daha sonra “Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri və əldə edilən nailiyyətlər” mövzusunda məruzə təqdim edilib.
Konfransda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək belə tədbirin təşkilinə görə minnətdarlığını bildirib və DMX-nin fəaliyyətindən bəhs edib. Qısa müddətdə Xaçmaz regional miqrasiya idarəsinin çoxsaylı turistlərin təşrif buyurduğu, əcnəbilərin yaşadığı rayonda miqrasiya ilə bağlı məsələləri operativ şəkildə həll etməyə nail olduğunu deyib. Bundan əlavə sənədsiz yaşayan şəxslərin sənədləşdirilməsinin təmin edilməsi üçün bu qurumun gördüyü işləri yüksək qiymətləndirib.
Elə həmin gün Xaçmaz regional miqrasiya idarəsinin xidməti ərazisində yaşayan 18 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin sənədləşdirilməsi ilə bağlı səyyar sənəd qəbulu təşkil edilib.