Xaçmazda yüksək balla ali məktəblərə qəbul olan məzunlar mükafatlandırılıb
Xaçmaz, 4 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda ali məktəblərə 400 baldan yüksək nəticə göstərərək qəbul olan məzunlar mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz rayonunda yüksək balla ali məktəblərə qəbul olan tələbələrin 57 saylı Xaçmaz şəhər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə mükafatlandırma mərasimi təşkil olunub.
Rayon icra hakimiyyətinin təşkilatı dəstəyi ilə keçirilən tədbirdə deputatla yanaşı, icra hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, YAP rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər və tələbələr iştirak ediblər.
Toplantıda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi strategiyaya əsaslanan Prezident İlham Əliyevin təhsil islahatları konsepsiyasını ardıcıllıqla həyata keçirilməsi sayəsində Azərbaycan təhsili davamlı olaraq inkişaf edir.
Dövlət başçısının rəhbərliyi ilə uğurla gerçəkləşdirilən insan kapitalının formalaşdırılması siyasətinin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrin icrası nəticəsində təhsil infrastrukturunun yenilənməsi təmin olunur.
Sonra cari ildə ali məktəblərə qəbul olunarkən 400-500 aralığında bal toplayan 72 tələbəyə, 500-600 aralığında bal toplayan 27 tələbəyə, 600-650 aralığında bal toplayan 7 tələbəyə, 650-700 aralığında bal toplayan 8 tələbəyə, topladığı baldan asılı olmayaraq tələbə adı qazanan 2 şəhid övladına, ümumilikdə isə 116 nəfərə mükafatlar təqdim edilib.
Tədbir iştirakçıları təhsilin inkişafına, təhsil işçilərinə və tələbələrə göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.