Xaçmazlı fermer: Tələbat çox olan gilas sortlarının yetişdirilməsinə üstünlük veririk
Xaçmaz, 16 aprel, Elxan Yusifli, AZƏRTAC
Bağlarımızda gilasın “Krım”, “Romanovka”, “Öküzürəyi”, “Napoleon” və başqa növləri yetişdirilir. Gilas may ayının sonlarından başlayaraq satışa çıxarılır. Əvvəlcə tezyetişən sortlarını satırıq. İyun ayında isə bağlarımızda kütləvi yığım həyata keçirilir. Hazırda aqrotexniki qulluq edirik. Qarşıdakı günlərdə ağacları bitə qarşı dərmanlayacayıq. Gilas hər torpaqda yetişmir və xüsusi qulluq tələb edən meyvədir. Ağaclar məhsula gec düşsə də şaftalıdan, almadan daha gəlirlidir. Son illər gilas bağlarının sahələrinin artması ilə yanaşı, daha məhsuldar, bazarda tələbat çox olan sortların yetişdirilməsinə də üstünlük verilir. Azərbaycanda yetişdirilən gilas həm dadına, həm də keyfiyyətinə görə fərqlənir. Hələ sovet dövründə respublikamızda yetişdirilən gilas bütün ittifaq respublikalarına ixrac olunurdu.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə xaçmazlı fermer Vüsal Niftəliyev söyləyib.
Fermer bildirib ki, Azərbaycanın xaricə ixrac etdiyi kənd təsərrüfatı məhsulları sırasında önəmli yer tutan gilas rayondakı bir çox təsərrüfatçıların əsas gəlir mənbəyidir.
“Xüsusi karantin rejimi olsa da, biz fermerlə üçün şərait yaradılıb ki, bağlarımıza qulluq edək. Bağda işləməyə gedərkən ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Nazirlər Kabinetinin kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinin təşkili ilə bağlı təlimatlarına əməl edirik. Yerli icra nümayəndəliyindən arayış almışıq. Yaxın günlərdə gilas bağlarında dərmanlamaya başlayacağıq. Ağacların çiçəyi töküləndən sonra zərərvericilərə qarşı mübarizə tədbirlərini görürük. Məhsulumuzu topdansatış qiymətinə birbaşa bağdan satacağıq. Belə daha sərfəlidir. Ötənilki qiymətlər bizi razı saldı. Gilasın növünə və keyfiyyətinə görə bir kiloqramı alıcılara 1,50 qəpiyə, seçilmiş məhsul isə 3-4 manata təklif olunurdu. Bu il də bağlarımızdan bol məhsul gözləyirik,” - deyə Vüsal Niftəliyev söyləyib.
Azərbaycanda iqtisadi rayonlar sırasında Quba-Xaçmaz iqtisadi zonası gilas istehsalının 45 faizini təşkil edir.