MƏDƏNİYYƏT
Xalça Muzeyinin direktoru “BE MUSEUMER” layihəsinin yekun konfransına qatılıb
Bakı, 10 iyun, AZƏRTAC
ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova “BE MUSEUMER” layihəsinin yekun konfransına qatılıb.
Muzeydən AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən konfransda muzeylərin əsas problemlərindən biri kimi auditoriyanın genişləndirilməsi mövzusuna diqqət çəkilib, Cənubi Qafqaz regionunda yaradılmış muzey mütəxəssisləri şəbəkəsini saxlamağın mümkün yolları müzakirə olunub.
Muzey direktoru “Azərbaycan muzeylərində auditoriyanın genişləndirilməsi və əlçatanlıq” mövzusunda çıxış edib.
Müxtəlif ölkələrdən 40-dan artıq muzey mütəxəssisinin qatıldığı tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “BE MUSEUMER” “Creative Europe” tərəfindən maliyyələşdirilən Gürcüstan Muzey Assosiasiyası (GMA), Avropa Muzey Təşkilatları şəbəkəsi (NEMO) və Mədəniyyət İdarəetmə Akademiyası (Niderland) ilə birgə təşkil olunan layihədir. Layihənin məqsədi Cənubi Qafqaz regionunda Avropa təcrübəsinə əsaslanaraq muzey sahəsində inkişafa, mütəxəssislərin peşəkarlığının yüksəldilməsinə nail olmaqdır.