XALÇA VƏ TİKİŞ SEXLƏRİ İLƏ TANIŞLIQ
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Yardımlıda xalça və tikiş sexləri ilə tanış olmuşdur.
Xalçaçı qızlar dövlətimizin başçısını və xanımını hörmət və ehtiramla, gül-çiçəklə qarşıladılar.
Bu sexlər ümummilli liderimizin adını daşıyan mərkəzi küçədəki üçmərtəbəli binada yerləşir. Birinci mərtəbədə Heydər Əliyev guşəsi yaradılmışdır. İkinci mərtəbədə 103 nəfər daimi işçisi olan xalça sexi, üçüncü mərtəbədə isə 42 nəfərin çalışdığı tikiş sexi fəaliyyət göstərir. Bina əsaslı təmir olunmuşdur. Rayonun bu ilk sənaye müəssisəsi gələcəkdə Yardımlının iqtisadi inkişafında mühüm rol oynayacaq, eyni zamanda, qədim xalq sənəti olan xalçaçılığın inkişafına təkan verəcəkdir.
Prezident İlham Əliyev sexlərlə tanış oldu, hanada toxunub qurtarmış xalçanın iplərini kəsdi, ilk xalça hazır oldu.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və qızı Leyla isə hana arxasında oturaraq xalça toxudular.
Dövlətimizin başçısına xatirə olaraq xalça hədiyyə olundu. Prezident və ailə üzvləri xalçaçı qızlarla xatirə şəkli çəkdirdilər.