REGİONLAR
Xalq rəssamı Əşrəf Heybətov Salyanda ustad dərsi keçib
Salyan, 11 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Almaniyada yaşayan həmyerlimiz, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Xalq rəssamı Əşrəf Heybətovla Salyanda görüş təşkil edilib.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Salyan rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Salyan Rayon İcra Hakimiyyətinin, YAP Salyan rayon təşkilatının, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin, mədəniyyət müəssisələrinin rəsmiləri, rəssamlar, sənətçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Xalq rəssamı Əşrəf Heybətovun çoxşaxəli həyat və yaradıcılıq yoluna nəzər salınıb. Qeyd olunub ki, Əşrəf Heybətovun əsərlərinin əsas mövzusu doğma Azərbaycanla bağlıdır. Rəssamın indiyədək dünyanın bir çox ölkələrində fərdi sərgiləri təşkil edilib. Əşrəf Heybətov, eyni zamanda, Rusiya Rəssamlıq Akademiyasının, Azərbaycan Rəssamlar İttifaqının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.
Sonra Xalq rəssamının əsərlərindən ibarət sərgiyə baxış keçirilib və o, tamaşaçıları maraqlandıran sualları cavablandırıb.
Görüşdə Salyan rayon Mədəniyyət Mərkəzinin Əməkdar artist Həsənağa Sadıqov adına "Mahirlər" Ailə Xalq Ansamblının təqdimatında musiqilər ifa olunub.
Həmçinin Xalq rəssamı Əşrəf Heybətovun Salyan Dövlət Rəsm Qalereyasında ustad dərsi təşkil edilib. Sənət adamı ilk olaraq rəsm qalereyasının ekspozisiya zalında sərgilənən tabloları izləyib. Əşrəf Heybətov ustad dərsində gənc və yeniyetmə həvəskar rəssamların suallarını cavablandırıb, müxtəlif mövzulu eskizlər işlənilib.