REGİONLAR
Xalq şairi Ramiz Rövşən Qubada oxucularla görüşüb
Xaçmaz, 30 aprel, Elxan Yusifli, AZƏRTAC
Qubada yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə bölgənin şairləri, təhsil və mədəniyyət işçiləri və şagirdlər iştirak ediblər.
Görüşdə texnika elmləri doktoru Rafiq Əliyev, Xalq artisti Ramiz Həsənoğlu, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Fərid Musayev, Dövlət İmtahan Mərkəzinin Xaçmaz Regional Bölməsinin müdiri Faiq Nadirsoy çıxış edərək Ramiz Rövşən yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən, əhəmiyyətindən danışıblar.
Ramiz Rövşənin həyat və yaradıcılığı haqqında məlumat verildikdən sonra Xalq şairi çıxış edərək, ədəbiyyat, poeziya, sənətlə bağlı qənaətlərini bölüşüb, yeni yazılan şeirlərini oxuyub, yaradıcılığı ilə bağlı çoxsaylı suallara cavab verərək, Azərbaycan və dünya poeziyası haqqında öz fikirlərini bölüşüb.
Sonra şairin poeziyasının vurğunu olan gənc və yaşlı nəslin nümayəndələri onun şeirlərini böyük həvəslə səsləndiriblər.
Sonda şair tədbir təşkilatçılarına, iştirakçılarına öz təşəkkürünü bildirib və sənətsevərlər tərəfindən təqdim olunmuş kitablara öz xatirə imzasını qeyd edib.