XALQ ŞAİRİ SƏMƏD VURĞUNUN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ YUBİLEY GECƏSİ
Gecəni giriş sözü ilə Baş nazirin müavini, xalq yazıçısı Elçin açaraq demişdir ki, neçə müddətdir Azərbaycanın bütün guşələrində XX əsr ədəbiyyatımızın böyük simalarından biri olan Səməd Vurğunun anadan olmasının 100 illiyi qeyd edilir. Onun yubileyi ümumxalq poeziya bayramına, sənət bayramına çevrilib. Bu, təbiidir. Çünki Səməd Vurğun Azərbaycanda yaxın keçmişin ən çox sevilən, ehtiram bəslənən, fenomenal dərəcədə tanınan bir şairdir. XX əsr ədəbiyyatının bu görkəmli nümayəndəsinin yaradıcılığına Üzeyir Hacıbəyov, Nazim Hikmət, Lui Araqon, Mixail Şoloxov, Volter Mey, Xorxe Espinosa, Aleksandr Tvardovski və başqa şəxsiyyətlər yüksək qiymət vermişlər. Bu yubiley tədbirində ümummilli liderimiz Heydər Əliyevin sözləri yada düşür: “Səməd Vurğun millətimizin başını uca edən şəxsiyyətlərdən biridir”.
Natiq xüsusi vurğulamışdır ki, ulu öndərimiz Heydər Əliyev Səməd Vurğunu qəlbən sevir, onun yaradıcılığını yüksək qiymətləndirir, xatirəsini dövlət səviyyəsində əbədiləşdirmək üçün əlindən gələni əsirgəmirdi. Səməd Vurğun irsinə dövlət səviyyəsində hörmət, onun yaradıcılığına verilən yüksək qiymət bu gün də davam edir. Azərbaycan Prezidenti İlham Əliyev bu ilin fevral ayında böyük şairin 100 illik yubileyi ilə bağlı xüsusi Sərəncam imzalamışdır.
Xalq yazıçısı Elçin sözünə davam edərək demişdir: Şairin 100 illiyidir, ancaq onun sənəti 50 il, 60 il, 70 il, 80 il bundan əvvəl hansı gənclik eşqi, ehtirası ilə səslənirdisə, bu gün də eyni eşqlə, ehtirasla, eyni təravətlə səslənir. Səməd Vurğunun vəfatından 50 il keçib, ancaq xalq onu öz sağlığında hansı məhəbbətlə sevibsə, bu gün də eyni, hətta bəlkə daha artıq məhəbbətlə sevir, onun haqqında nağıllar, əfsanələr, rəvayətlər yaradır.
Bəli, Səməd Vurğun sovet epoxasının böyük şairi idi, ancaq o, ilk növbədə, Azərbaycan xalqının böyük şairi idi. Bəli, Səməd Vurğun gözəl lirikası ilə, fəlsəfi şeirləri ilə Azərbaycan dilini və şeirimizin poetikasını inkişaf etdirib, poeziyamıza estetik zənginlik gətirib. O, həmin sovet epoxasının ən qorxunc bir dövründə - 1937-ci ildə “Vaqif”i yazmış və milli tematikanı, milli mənsubiyyəti, milli təəssübkeşliyi ön plana çəkmişdir...
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev Səməd Vurğun həyat və yaradıcılığı haqqında məruzə etmiş, şairin heca, sərbəst, əruz vəznlərində yazdığı lirik əsərləri, “Aslan qayası”, “Ölüm kürsüsü”, “Bəsti”, “Zəncinin arzuları”, “Muğan” poemaları, “Aygün” mənzum romanı, “Vaqif”, “Fərhad və Şirin”, “İnsan” mənzum dramlarından söhbət açmışdır. Diqqətə çatdırmışdır ki, 30-cu illərin çox ağır repressiya çağlarında Azərbaycan xalqının milli özünüdərki prosesində iki nəhəng əsər ölçüyəgəlməz dərəcədə böyük rol oynamışdır. Onlardan biri dahi Üzeyirin “Koroğlu” orerası, digəri isə böyük şair Səməd Vurğunun “Vaqif” mənzum dramı idi.
Natiq şairin ifadə vasitələrindən danışarkən “Zəfər bayramı” şeirindən “Mən də haqq eşqinə, insan eşqinə Günəşi qaldırım piyalə kimi!” misralarını misal gətirmiş və vurğulamışdır ki, o vaxtaqədərki ədəbiyyatımızda heç vaxt belə təravətli deyim olmamıdır.
Akademik, Səməd Vurğun ədəbi məktəbindən də bəhs etmiş, bu məktəbin yetirmələrini - Nəbi Xəzrini, Hüseyn Arifi, İslam Səfərlini, Qasım Qasımzadəni, Qabili, Adil Babayevi, Əliağa Kürçaylını xatırlatmışdır.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Səməd Vurğunu Yunus İmrədən, Vidadidən, Vaqifdən gələn böyük bir poetik ənənəni XX əsrdə zənginləşdirən, tutumunu artıran, onu çağdaş dünyanın problemləri ilə, ilk növbədə, Azərbaycanın problemləri ilə daha da qüvvətləndirən qüdrətli bir şair, “Azərbaycan” şeirini isə respublikamızın poetik xəritəsi adlandırmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov, xalq şairi Zəlimxan Yaqub Səməd Vurğun haqqında ürək sözlərini söyləmişlər.
Xalq şairi Vaqif Səmədoğlu atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə dövlətimizin başçısı İlham Əliyevə, tədbirin təşkilatçılarına və mərasimin iştirakçılarına minnətdarlığını bildirmişdir.
Yubiley gecəsi Azərbaycan incəsənət ustalarının geniş konsert proqramı ilə davam etmişdir.