Xalqımız Azərbaycanın xoşbəxt gələcəyini təmin etmiş ulu öndər Heydər Əliyevi heç zaman unutmayacaq
Ağcabədi, 11 dekabr, AZƏRTAC
Dahi şəxsiyyət Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb. Xalqımız Azərbaycanın xoşbəxt gələcəyini təmin etmiş ulu öndər Heydər Əliyevi heç zaman unutmayacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü münasibəti ilə keçirdiyi video-konfransda səsləndirilib. Ərazi ilk partiya təşkilatları sədrlərinin iştirak etdiyi video-konfransda rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü işlərdən, xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz məktəbdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun müdrik siyasəti sayəsində əbədi və dönməz xarakter alıb.
Video-konfransda çıxış edən Milli Məclisin deputatı Mahir Abbaszadə Azərbaycanın ən yeni tarixinin, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlərin Ulu Öndərin müdrik dövlətçilik siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirib.
YAP Laçın rayon təşkilatının Şura üzvü Şəbnəm Uğurlu bildirib ki, Ulu Öndərin bizə qoyub getdiyi Azərbaycan bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir. Məhz ona görə də, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizi azad edib.