Xalqımızın rifah halının yüksəldilməsinə yönəldilən islahatlar ardıcıl olaraq davam etdirilir
Bakı, 20 mart, AZƏRTAC
2020-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də qeyd olunduğu kimi, danılmaz bir reallıqdır ki, həm 2018-ci və 2019-cu illər, həm də bu ilin ilk rübü Azərbaycan iqtisadiyyatı və xalqı üçün uğurlu hesab edilə bilər. Ölkənin tam inkişafı üçün siyasi və iqtisadi islahatlar paralel aparılır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.
Deputat qeyd edib ki, 2019-cu ildə kənd təsərrüfatı sahəsində 7 faiz artım oldu. Ötən il ərzində əməkhaqları, pensiyalar və tələbələrin təqaüdlərinin miqdarı artırıldı, həmçinin Azərbaycanda bir sıra mühüm beynəlxalq tədbirlər keçirildi, ölkəmizin mövqeləri daha da möhkəmləndi.
O bildirib ki, Dünya Bankı ötən il Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına daxil etdi, bu, böyük bir nailiyyətdir. Valyuta ehtiyatlarımız isə 2018-ci illə müqayisədə daha 6,4 milyard dollar artdı və rekord həddə - 51 milyard dollara çatdı. Bu, o deməkdir ki, adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir.
J.Əhmədova bildirib ki, ötən il qeydə alınan iqtisadi nailiyyətlərin fonunda bu il böyük məbləğdə vəsait ayrılıb, o cümlədən 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilir. Prezident İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda sosial paketin genişlənəcəyini və daha çox insanı əhatə edəcəyini diqqətə çatdırdı.
Pandemiya səbəbindən yaranan çətinliklər fonunda ölkəmizdə işsizlərlə bağlı problemlərin həll olunduğunu, xalqımızın rifah halının yüksəldilməsinə yönəldilən islahatların ardıcıl olaraq davam etdirildiyini bildirən deputat deyib: “İlkin mərhələdə 200 min insanın dövlətdən 190 manat yardım alacağı nəzərdə tutulurdusa, indi bu rəqəm 600 minə çatdırılıb və artıq 230 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib. Bununla yanaşı, son aylar ərzində ünvanlı sosial yardım alan insanların sayı artırılıb. İndi 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyinolunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb və bunun üçün əlavə 3 milyon manat ayrılıb. Koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulurdu. Prezident İlham Əliyevin əlavə tədbirlərlə bağlı verdiyi tapşırıqlar nəticəsində bu məbləğ 3,5 milyard manatdan artıq dəyərləndirilir”.
Jalə Əhmədova vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti sayəsində ölkəmizdə həm siyasi, iqtisadi, həm də sosial məsələlər həll edilir. “Bu gün Azərbaycan heç kimdən asılı deyil və tam müstəqil siyasət yürüdür. Əminik ki, ölkəmiz verilən qərarlar, görülən qabaqlayıcı tədbirlər sayəsində pandemiya ilə mübarizədən də şərəflə çıxacaq və daha böyük uğurlara imza atacaq”, - deyə Milli Məclisin deputatı qeyd edib.