Xarici İşlər Nazirliyi müsəlman ölkələrinin Azərbaycandakı səfirləri üçün iftar məclisi təşkil edib
Bakı, 4 iyul, AZƏRTAC
Xarici İşlər Nazirliyi müsəlman ölkələrinin Azərbaycandakı səfirləri üçün iftar məclisi təşkil edib. Bu barədə nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
İftar məclisində çıxış edən xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanin İslam aləminin ayrılmaz hissəsi olaraq müsəlman ölkələri ilə hərtərəfli əlaqələrin inkişafina əhəmiyyət verdiyini qeyd edib. O, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli müstəvidə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın gündən-günə dərinləşdiyini vurğulayıb.
Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin inkişaf etdiyini deyən Xələf Xələfov ölkəmizin təşkilatın fəal üzvü kimi üzv dövlətlər arasındakı həmrəyliyin daha da gücləndirilməsi üçün çalışdığını bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir müavini münaqişənin həllində Azərbaycanın mövqeyinin müsəlman ölkələri tərəfindən dəstəkləndiyini söyləyib. İslam Əməkdaşlıq Təşkilatının dəfələrlə münaqişə ilə bağlı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul etdiyini vurğulayan Xələf Xələfov bu dəstəyə görə təşkilata üzv ölkələrə bir daha təşəkkürünü bildirib.
Xələf Xələfov müsəlman ölkələrinin Azərbaycandakı səfirlərinə fəaliyyətlərində uğurlar diləyib, müqəddəs Ramazan ayında onların xalqlarına və hökumətlərinə rifah, xoşbəxtlik və tərəqqi arzularını çatdırıb.
Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri adından çıxış edən Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami iftar məclisinin təşkil olunmasından məmnunluq duyduqlarını qeyd edərək təşəkkürünü bildirib.