XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazirliyin mətbuat mərkəzindən AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, Azərbaycan-Pakistan münasibətlərinin strateji tərəfdaşlıq istiqamətində inkişaf etdiyini vurğulayan nazir Elmar Məmmədyarov bu səfərin ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirmişdir.
O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində aparılan danışıqlar, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin Ermənistan tərəfindən yerinə yetirilməməsi, ATƏT-in Minsk qrupunun problemin nizamlanması ilə bağlı fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir. Ermənistan tərəfindən Azərbaycanda 32 terror aktının törədildiyini xatırladan nazir dövlətimizin terrorizmə qarşı mübarizədəki rolundan, Azərbaycan əsgərlərinin antiterror koalisiya qüvvələri tərkibində xidmət göstərdiklərini söyləmişdir.
General Məhəmməd Əziz Xan ölkələrimiz arasındakı münasibətləri yüksək qiymətləndirmiş və Pakistan Prezidenti Pərviz Müşərrəfin Bakıya rəsmi səfərini siyasi, diplomatik və hərbi sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirmişdir. O, azərbaycanlı zabitlərin hazırlanmasında Pakistan tərəfindən kömək göstərilməsinin gələcəkdə də davam etdiriləcəyini vurğulamışdır.
Sonra Məhəmməd Əziz Xan Pakistandakı ictimai-siyasi vəziyyət, ölkəsinin beynəlxalq terrorizmlə mübarizədə fəaliyyəti və s. məsələlərlə bağlı məlumat vermiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə ədalətli həllinə ümid etdiyini bildirmişdir.