XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Oktyabrın 24-də Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının xarici işlər üzrə dövlət naziri xanım Faizə Əbul-Nəcanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Nazir müavini Xələf Xələfov qonaqları salamlayaraq, bu səfərin Misir ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsi və işgüzar əlaqələrin genişlənməsi üçün faydalı olacağını bildirmişdir. Xələf Xələfov Misir və Azərbaycan parlamentlərarası dostluq qruplarının, o cümlədən hökumətlərarası iqtisadi, texniki və elmi sahələrdə əməkdaşlıq üzrə müştərək komissiyanın yaranmasını yüksək qiymətləndirmiş, əlaqələrin digər sahələrdə də genişlənməsinə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın davam etdirilməsinə tərəfdar olduğunu söyləmişlər.
Görüş zamanı nazir müavini Xələf Xələfov Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində göstərilən səylər, ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyəti və qaçqınların ağır vəziyyəti barədə qonağa ətraflı məlumat vermiş, həmçinin bu münaqişənin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı əsasında tezliklə aradan qaldırılması üçün beynəlxalq birliyin səylərinin artırılmasının vacibliyini qeyd etmişdir.
Xarici işlər üzrə dövlət naziri xanım Faizə Əbul - Nəca Azərbaycanın müxtəlif sahələrdə nailiyyətlərini yüksək qiymətləndirmiş, öz ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsinə Misir tərəfinin böyük əhəmiyyət verdiyini, beynəlxalq təşkilatlarda daha sıx əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan, xanım Faizə Əbul - Nəca MƏR-in mövqeyinin dəyişməz olduğunu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq birliyin birgə səyləri əsasında sülh yolu ilə həll edilməsinə ümidvar olduğunu vurğulamışdır.