Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib
Bakı, 23 fevral, AZƏRTAC
Sumqayıt Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, 70-dək sahibkarın və gömrük təmsilçisinin iştirak etdiyi görüşdə son dövrlərdə gömrük sistemində aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər və innovativ layihələr barədə məlumat verilib. Eyni zamanda, gömrük əməkdaşları tərəfindən “Məcburi qərarlar” layihəsi barədə xüsusi təqdimat nümayiş etdirilib, bu yeniliyin sahibkarların vaxt və vəsait itkisinin aradan qaldırılması, gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi baxımından faydaları vurğulanıb.
Həmçinin gömrük-biznes, gömrük-vətəndaş münasibətlərində məmnunluq səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə gömrük orqanları tərəfindən sahibkarlar, gömrük təmsilçiləri arasında keçirilən anonim sorğunun nəticələri müzakirə olunub, iştirakçıların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.