Xəbərdarlıq: Leysan yağacaq, çaylardan daşqın və sel keçəcək
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 17-si gündüzdən 18-i axşamadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı, sentyabrın 17-si axşamdan 18-i gündüzədək isə yarımadanın bəzi yerlərində arabir 28-30 metrədək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Sentyabrın 17-si qərb rayonlarından başlayaraq sentyabrın 19-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Lənkəran-Astara, Mərkəzi-Aran, Qarabağ və Şərqi Zəngəzur) yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı bildirilir. Qərb küləyi əsəcək, arabir 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsindən axan Göyçay, Dəmiraparançay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgələrindən axan Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Gorançay, Quruçay, Köndələnçaydan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.