XƏTAİ RAYON TƏHSİL İŞÇİLƏRİNİN YIĞINCAĞI KEÇİRİLMİŞDİR
Tədbirdə rayon təhsil şöbəsinin müdiri Məmməd Bayramov cari ildə qazanılan uğurlardan danışaraq bildirmişdir ki, 2004-2005-ci tədris ili ərzində şagirdlərin fənn olimpiadalarında qazandıqları medalların sayına, ali məktəblərə tələbə qəbulunun nəticələrinə, eləcə də 600-dən artıq bal toplamış abituriyentlərin sayına görə Xətai rayonu respublikamızda birinci yer tutmuşdur. Sevindirici haldır ki, Prezidentin 2005-ci il 4 oktyabr tarixli sərəncamlarına əsasən, Heydər Əliyev adına liseyin, 64, 241 nömrəli məktəblərin direktorları – müvafiq olaraq, Fikrət Xəlilov, Rəhimə Əliyeva, Əvəz Əliyev respublikanın əməkdar müəllimi adına layiq görülmüş, 3 nömrəli uşaq evinin direktoru Zöhrə Hüseynova isə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Mərasimdə Xətai Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Zaməddin Əkbərov tədris ocaqlarına göstərilən diqqət və qayğıdan danışmış, qabaqcıl təhsil işçilərinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Tədbirdə çıxış edən müəllimlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.