“XƏZƏR DƏNİZİ VƏ AVROPANIN TƏHLÜKƏSİZLİYİ” MÖVZUSUNDA MƏRUZƏ HAZIRLANACAQDIR
AZƏRTAC xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov avqustun 25-də Qərbi Avropa İttifaqı Assambleyasının Siyasi məsələlər komitəsi sədrinin müavini Mayk Hankokun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, səfər Qərbi Avropa İttifaqı Assambleyasının geniş tərkibdə nümayəndə heyətinin sentyabrın 14-17-də Azərbaycana səfərinə hazırlıq xarakteri daşıyır. Məqsəd Xəzər regionu ölkələrinin üzləşdikləri çətinliklər barədə geniş auditoriyanı məlumatlandırmaq və bu problemlərin həlli yollarına töhfə vermək üçün “Xəzər dənizi və Avropanın təhlükəsizliyi” mövzusunda məruzə hazırlamaqdır. Bununla əlaqədar qonaqlar Xəzər hövzəsindən enerji təchizatının təhlükəsizliyi, bölgədəki münaqişələr, Azərbaycanın xarici siyasətinə dair məsələlərlə maraqlanmışlar.
Nazir E.Məmmədyarov təşkilatın regiona maraq göstərməsini yüksək qiymətləndirərək, bölgədə enerji dəhlizlərinin təhlükəsizliyi və münaqişələrin həlli məsələlərinə xüsusi önəm verilməsinin vacibliyini vurğulamışdır. O, eyni zamanda dünya ictimaiyyətinin bu münaqişələrin həllində ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərini yeganə əsas kimi götürməsinin ən vacib şərt olduğunu bildirmişdir.
Nazir, həmçinin Ermənistanın Azərbaycana təcavüzünün ölkəmizin ən böyük problemi olduğunu bildirmiş, dövlətimizin etibarlı, mehriban qonşuluq münasibətlərində maraqlı olduğunu söyləmiş və bunun bütövlükdə regionun təhlükəsizliyi və sabitliyi üçün əhəmiyyətini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.