XƏZƏR DƏNİZİNİN ÇİRKLƏNMƏDƏN QORUNMASI ÜZRƏ ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Xəzər dənizinin sahil zolağında ekoloji vəziyyətin yaxşılaşdırılması, həmçinin “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli 2244 nömrəli Sərəncamında göstərilən işləri davam etdirmək məqsədi ilə qərara alıram:
1. Abşeron yarımadasının Nardaran-Sumqayıt və Gürgan-Səngəçal
istiqamətinin sahil boyu zolağında modul tipli çirkab su təmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2 (iki) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılsın ki, modul tipli çirkab su təmizləyici qurğuların quraşdırılmasını və istifadəyə verilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ayrılmasını təmin etsin.
4. Quraşdırılmış çirkab su təmizləyici qurğuların normal və fasiləsiz istismarını və onlara texniki xidmətin göstərilməsini təmin etmək məqsədi ilə həmin qurğular qanunvericiliyə uyğun olaraq müvafiq bələdiyyələrin istifadəsinə verilsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2008-ci il.