XƏZƏR ENERJİ MƏRKƏZİ AZƏRBAYCAN ÜÇÜN NADİR BİR OBYEKTDİR
XEM Azərbaycanda tamamilə enerji sənayesinə və karbohidrogenlərin hasilatını, geoloji kəşfiyyatını və kommersiya baxımından istifadə olunmasını dəstəkləyən spesifik elmlərə həsr olunmuş ilk sərgi mərkəzidir. Bu obyekt artıq onu dünya səviyyəli yenilikçi bir elm mərkəzinə çevirən yeni mühüm eksponatlar dəsti ilə təchiz olunmuşdur.
XEM, hər şeydən öncə, Azərbaycanda uşaqların bu ölkədəki təbii sərvətlər barədə, eləcə də həmin sərvətlərdən gündəlik həyatda necə istifadə olunması haqda maarifləndirilməsinə kömək məqsədi ilə orta məktəblərin istifadə edəcəyi bir təhsil ocağı kimi layihələşdirilmişdir.
Mərkəzin meneceri Vaşinqton şəhərində Smitsonian təşkilatında ixtisasartırma kursunu tamamlamış ilk azərbaycanlı İsmayıl Miriyevin sözlərinə görə, burada xüsusi öyrədici proqramlar, interaktiv oyunlar və məşğələlər Azərbaycanda gələcək nəslin ilkin biliklərini genişləndirəcəkdir. Bu, Azərbaycan üçün nadir bir obyekt, sanki ölkənin gələcəyinə qoyulmuş sərmayədir.
Bunlardan əlavə, XEM layihələrin ölkənin iqtisadi və sosial inkişafına potensial təsirləri barədə məlumatların yeniləşdirilməsi məqsədi ilə yüksək vəzifəli hökumət və dövlət rəsmilərini, Azəri-Çıraq-Günəşli (AÇG) və Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələri üzrə tərəfdaş şirkətlərin təmsilçilərini, tələbələri, ümumiyyətlə, ictimaiyyətin nümayəndələrini yenə də qəbul edəcəkdir.
Xatırladaq ki, 2005-ci ilin mayından - açılış günündən bəri Mərkəz 6 min qonaq qəbul etmişdir ki, bunlardan 4 mini Bakının Qaradağ rayonunun məktəbliləridir.