DÜNYA
“XƏZƏR: HÜQUQİ PROBLEMLƏR” MÖVZUSUNDA KONFRANS İŞƏ BAŞLAMIŞDIR
Fevralın 26-da Moskvada, “Prezident-otel”də beş Xəzəryanı dövlətin nümayəndələrinin, Rusiyanın və xarici ölkələrin beynəlxalq hüquq sahəsində ğörkəmli alimlərinin, habelə beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə “Xəzər: hüquqi problemlər” mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlamışdır. Xəzərin statusunun hüquqi baxımdan tənzimlənməsi, dənizdən istifadə və tədqiqinin hüquqi cəhətləri, monitorinq, ətraf mühitin mühafizəsi, dənizin dibindən, bioloji ehtiyatlarından istifadə, gəmiçilik, balıqçılıq məsələləri və digər məsələlər konfransın əsas mövzularıdır. Məruzələrdə Xəzərin sülh, sabitlik və əməkdaşlıq dənizinə çevrilməsi üçün onun statusu məsələsinin konsensus yolu ilə tezliklə həllinin zəruriliyi vurğulandı.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini, Rusiya Prezidentinin Xəzərin statusunun tənzimlənməsi məslələri üzrə xüsusi nümayəndəsi Viktor Kalyujnı konfransı açaraq, bu məsələnin həllində çevik və konstruktiv siyasət yürütdüyünə görə Azərbaycan Prezidenti Heydər Əliyevə təşəkkürünü bildirdi və vurğuladı ki, Azərbaycan rəhbərliyinin məsələyə bu cür yanaşması digər Xəzəryanı dövlətlər üçün örnək ola bilər.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov “Azərbaycan Respublikasının Xəzərin hüquqi statusu məsələsinə yanaşmasının beynəlxalq-hüquqi cəhətləri” mövzusunda məruzə edərək, ölkəmizin bu problemlə bağlı mövqeyini bir daha açıqladı və nəzərə çarpdırdı ki, Azərbaycan bu məsələnin həllində beynəlxalq hüquq prinsiplərini əsas tutur və onun mərhələ-mərhələ nizama salınmasına tərəfdardır. X.Xələfov vurğuladı ki, Azərbaycan Xəzəryanı regionda sülh və sabitlik olmasını istəyir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva