“Xəzər” klubuna medallar təqdim olunub
Bakı, 12 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan birinci Divizionunda 2017/2018-ci il mövsümünün qalib və mükafatçılarına medallar təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Peşəkar Futbol Liqası tərəfindən “AZAL Arena”da mükafatlandırma mərasimi təşkil edilib. Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və qurumun baş direktoru Məlik Həsənov təqdim ediblər.
Mərasim “Şüvəlan”-“Xəzər” oyunundan sonra baş tutub. İlk olaraq fəxri kürsüyə bürünc medalların sahibi “Şüvəlan” klubu dəvət olunub. “Qaradağ Lökbatan” gümüş medallarını aldıqdan sonra isə birinci Divizionun qalibi “Xəzər” klubu mükafatlandırılıb. Qalibə qızıl medallarla yanaşı, kubok da təqdim olunub.
Qeyd edək ki, Elşad Əhmədovun başçılıq etdiyi “Xəzər” debüt ilində I Divizionun qalibi adını qazanıb.