“XƏZƏR-LƏNKƏRAN” FUTBOL KLUBUNUN STADİONU İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev “Xəzər-Lənkəran” futbol klubunun yeni stadionunda tikinti işlərinin gedişi ilə tanış olmuşdur. İdmançılar və gənclər dövlətimizin başçısını stadionun girəcəyində böyük hörmətlə qarşıladılar.
Prezidentə məlumat verildi ki, “Palmali” şirkətlər qrupu tərəfindən tikilən stadionun 15 min tamaşaçı üçün örtülü yerləri olacaqdır. Hazırda tikinti işlərində 300 nəfər inşaatçı çalışır. Burada 100 yerlik mehmanxana da inşa ediləcəkdir. Stadion istifadəyə verildikdən sonra 150 nəfər daimi işlə təmin olunacaqdır.
1957-ci ildə istifadəyə verilmiş və tamamilə yararsız vəziyyətə düşmüş stadionun yerində tikilən idman qurğusu 4,5 hektar sahəni əhatə edir. Onun uzunluğu 108 metr, eni isə 72 metrdir ki, bu da beynəlxalq standartlara uyğundur. Burada idmançılar üçün hər cür şərait yaradılacaqdır.
Stadionda 25 kvadratmetrlik işıq tablosu da quraşdırılacaqdır. İdman qurğusunda uşaq futbolunun inkişafı üçün xüsusi meydança, tennis kortu da tikilib istifadəyə veriləcəkdir. Ümumiyyətlə, stadionun tam tikintisi 15 milyon ABŞ dollarına başa gələcəkdir.
Prezident İlham Əliyev görülən işlərin əhəmiyyətini vurğuladı, tövsiyələrini verdi və bildirdi ki, artıq Lənkəranda Olimpiya İdman Kompleksi də var və stadion da istifadəyə veriləndən sonra rayonda idmanın inkişafı üçün gözəl şərait olacaqdır. Dövlətimizin başçısı “Xəzər-Lənkəran”ın güclü komanda olduğunu və beynəlxalq aləmdə Azərbaycanı ləyaqətlə təmsil etməsi üçün bu cür stadionun tikilməsinin əhəmiyyətini vurğuladı.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirərək bir daha dedi ki, Lənkəranda Olimpiya İdman Kompleksi var, stadion, hava limanı tikilir, dəniz limanı var. Lənkəran inkişaf edir, arzumuz budur ki, komanda da yaxşı oyun göstərsin. Başqa idman növlərinin inkişafı üçün hər cür şərait yaradılmışdır və gərək Lənkəran idmançıları beynəlxalq yarışlarda Azərbaycanı ləyaqətlə təmsil etsinlər.
Sonra Prezident İlham Əliyev idmançılarla, gənclərlə səmimi görüşdü. Gənclər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.