Xidmət rəisi vətəndaşların müraciətlərini dinləyib
Bakı, 27 fevral, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Saatlı şəhərində yerləşən Gənclər Mərkəzində Saatlı, Sabirabad, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşlarla görüşüb.
Dövlət Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad olunub.
Görüşdə 23 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, Vətən müharibəsində iştiraka görə təltifolunma, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.
Xidmət rəisi Mürsəl İbrahimov görüş zamanı hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.