XİN əcnəbilərə viza verilməsi üzrə reqlamentə dair məsələyə münasibət bildirib
Bakı, 31 oktyabr, AZƏRTAC
“Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” ilə əlaqədar KİV-in sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib:
“Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrində tam səhih məlumat verilməyib. İnzibati reqlament Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının hələ 2014-cü il 18 sentyabr tarixli Q/04-14 nömrəli Qərarı ilə təsdiq edilib.
Mahiyyət etibarilə, kütləvi informasiya vasitələrinin istinad etdiyi reqlament yeni qəbul edilmiş sənəd deyil. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiyasının 2015-ci il 20 oktyabr tarixli Q/09-15 saylı Qərarı ilə bu reqlamentə dəyişiklik edilib.
Reqlamentin 3.4.2-ci yarımbəndində “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında” sözləri ilə əvəz edilib.
Bu dəyişiklik “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanının 5.3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə edilib”.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, müvafiq olaraq, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanının 5.3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə “Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də də eyni dəyişiklik edilib.