“Xırdalan dairəsi” yaxınlığında yeni dəmir yolu körpüsünün aşırım tirlərinin montajına başlanılıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Xırdalan dairəsi” yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajına başlanılıb.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bundan öncə körpünün monolit dəmir-beton dayaqlarının inşası yekunlaşdırılıb.
Qeyd olunub ki, köhnə dəmir yolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Yeni körpünün uzunluğu 68,5 metr, eni isə 12,7 metr təşkil edəcək.