XIRDALANDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARI YARMARKASI BƏRPA OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, avqustun 11-də Xırdalan şəhərinin Qəlyubiyyə küçəsində kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirilmişdir.
Abşeron Rayon İcra Hakimiyyyətinin aqrar şöbəsinin iqtisadçısı Qara Qurbanov bildirmişdir ki, obyektiv səbəblərdən müvəqqəti dayandırılmış yarmarka üçüncü şənbə günüdür ki, keçirilir və artıq mütəmadi xarakter almışdır. Əsasən rayonun öz ərazisindəki fermer təsərrüfatlarında və firmalarda istehsal edilmiş məhsulların satıldığı yarmarkada, Xırdalan sakinləri həm kənd təssərrüfatı, həm də yeyinti sənayesi məhsullarını bazar qiymətlərindən 20-25 faiz ucuz almaq imkanı əldə etmişlər. Q.Qurbanov demişdir ki, yarmarkanın keçirilməsi ərəfəsində Bakının və Xırdalan şəhərinin bazarlarında marketinq araşdırmaları aparılmış və bundan sonra satış qiymətləri müəyyən edilmişdir.
Yarmarkada Xırdalan sakinlərinə 21 fiziki və hüquqi şəxs tərəfindən 112 çeşiddə, ümumi çəkisi 41 ton olan kənd təsərrüfatı məhsulları, həmçinin 18 min ədəd yumurta təklif olunurdu. Bundan başqa, “Tam”, “Səhliyalı”, “Aysu” firmalarının istehsal etdikləri yeyinti və yüngül sənaye məhsulları, şirniyyat və karamellər də müəssisələrin özləri tərəfindən topdansatış qiymətlə yarmarkaya çıxarılmışdı. İcra hakimiyyəti nümayəndələrinin təklifinə əsasən Daşkəsən rayonundan olan sahibkar özünə məxsus olan təsərrüfatdan bal və bal məhsullarını alıcılara bazardan aşağı qiymətə - 1 kiloqramı 8 manata təklif edirdi.
Məhsulların konkret qiymətləri də Q.Qarayevin dediklərini təsdiq edirdi. Mal ətinin 1 kiloqramı 3 manat 60 qəpiyə, qoyun əti 4 manata, “Hövsan Broyler”in toyuq əti 2 manat 60 qəpiyə, kartof 45 qəpiyə, soğan 25 qəpiyə, qarpız 9-10 qəpiyə, yemiş 20 qəpiyə, pomidor 40 qəpiyə, yumurtanın 1 qəfəsi 2 manat 10 qəpiyə, ədədi 7 qəpiyə satılırdı.
Satıcılarla alıcılar arasında çəki ilə bağlı yarana biləcək mübahisələrin qarşısını almaq məqsədilə yarmarkada nəzarət tərəzisi də qoyulmuş, məhsullara həkim nəzarəti təmin olunmuşdu.
Məhsulların keyfiyyətindən və qiymətindən razılıq edən alıcılar yarmarkanın təşkilatçılarına minnətdarlıqlarını bildirərək, onun daimiliyinin təmin olunmasını xahiş edirdilər.