Xocalı faciəsi – ermənilərin azərbaycanlılara qarşı növbəti soyqırımı aktı
Zərdab, 26 fevral (AZƏRTAC). Zərdabda Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar anma mərasimi rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri tərəfindən soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış kompleksin önünə gül-çiçək dəstələrinin qoyulması ilə başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, fevralın 26-da səhər tezdən idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar, gənclər dəstə-dəstə xatirə kompleksinin önündən keçərək buraya təzə-tər çiçəklər qoyur, soyqırımı qurbanlarına öz ehtiramlarını bildirirdilər.
Mərasimdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş qanlı faciənin erməni daşnaklarının zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətinin tərkib hissəsi olduğunu vurğulanmışdır. Yüzlərlə dinc sakinin - uşaqların, qadınların, qocaların qətlə yetirildikləri, ağır işgəncələrə məruz qalaraq şikəst edildikləri, əsir götürüldükləri bu qanlı faciə əsrlər boyu insanların qəlbini sızladacaq, ağır bir xatirə kimi yaddaşlardan silinməyəcəkdir.
Mərasimdə qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımı ilə bağlı aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində əsl həqiqətlər artıq dünya ictimaiyyəti üçün aydınlaşır, bu sahədə erməni təbliğatının saxtakarlıqları üzə çıxır.
Çıxış edənlər, həmçinin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səylərini də diqqətə çatdırmışlar. Göstərilmişdir ki, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə bir sıra dövlətlərin paytaxtlarında Xocalı soyqırımı ilə bağlı keçirilən silsilə tədbirlər bu sahədə xüsusi əhəmiyyət daşıyır.
Çıxışlarda vurğulanmışdır ki, dünya birliyi gec-tez Xocalı soyqırımı ilə bağlı öz sözünü deyəcək, bu qətliamda günahkar olanlar layiqli cəzalarını alacaqlar.
Anma mərasimində Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.