QAN YADDAŞI
Xocalı soyqırımı barədə alman dilində nəşr olunan kitabın təqdimatı keçirilmişdir
Bakı, 23 fevral, (AZƏRTAC). Səbail rayon İcra Hakimiyyətinin (RİN) təşkilatçılığı ilə Almaniyanın Maqdeburq şəhərinin Bazar İqtisadiyyatı İnstitutunun rəhbəri Rolf Kunşunun Xocalı soyqırımının 20 illiyi ilə bağlı alman dilində nəşr edilmiş kitabının təqdimat mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Almaniyadan gəlmiş qonaqlar və KİV təmsilçiləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsinə həsr olunmuş fotostend və kitab sərgisi ilə tanış olmuşlar.
Mərasimdə çıxış edən Səbail RİH-in başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımı, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən işlərin vacibliyindən danışmışdır. Bildirilmişdir ki, bu soyqırımı aktının dünya ictimaiyyətinə çatdırılması üçün ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə faciəyə hüquqi-siyasi qiymət verilmiş, genişmiqyaslı işlər görülmüşdür. Dünyada misli görünməmiş Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində bu gün də bir çox tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılmışdır. RİH başçısı təqdim olunan kitabın Xocalı faciəsinin tanıdılması istiqamətində görülən işlərdən olduğunu demişdir.
Tədbirdə çıxış edən almaniyalı alim Rolf Kunşun kitabı sənədlərə, foto və faktlara əsasən yazıldığını demişdir. Müəllif nəşrin Almaniyada bütün orta və ali məktəblərində yayılacağını bildirmişdir. O, məqsədinin alman xalqını Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq, kitab vasitəsilə onlara həqiqətləri çatdırmaq olduğunu demişdir.
Tədbirdə çıxış edən Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev və başqaları Xocalıda ermənilərin törətdiyi cinayətlərdən danışmışlar. Bildirilmişdir ki, bu soyqırımın Almaniyada tanınması istiqamətində müəyyən tədbirlər həyata keçirilir. Rolf Kunşunun faciəni özündə əks etdirən bu kitabı da həmin istiqamətdə atılan addımlardan biri kimi qiymətləndirilmişdir.