Xocalı soyqırımının ildönümündə “Qarabağ hekayələri” kitabı alman ictimaiyyətinə təqdim olunmuşdur
Bakı, 26 fevral (AZƏRTAC). Xocalı soyqırımının 21-ci ildönümündə Almaniyanın paytaxtı Berlinin “Keti Kolvets” adına muzeyində azərbaycanlı yazıçı Günel Anarqızının yeni işıq üzü görmüş “Qarabağ hekayələri” kitabı alman ictimaiyyətinə təqdim olunmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, kitab alman dilində çap olunmuş, Azərbaycan və rus dillərində isə həm də audio-kitab kimi hazırlanmışdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən və 120-dən çox qonağın iştirak etdiyi tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Milli Məclisin deputatı Rövşən Rzayev, Almaniyanın və Azərbaycanın siyasi, ictimai xadimləri, azərbaycanlı tələbələr, həmçinin “Qarabağ hekayələri”nin audio formatının hazırlanmasında iştirak etmiş Nərgiz Cəlilova və başqaları olmuşlar.
Avropa Azərbaycanlıları Konqresinin sədri, Almaniyada yaşayan Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə Patzer “Qarabağ hekayələri”nin böyük əhəmiyyətini vurğulayaraq bu kitabın Xocalı faciəsi mövzusunda alman dilində işıq üzü görmüş ilk nəşr olduğunu qeyd etmişdir.
Səfir Pərviz Şahbazov belə layihələrin hər iki ölkə üçün əhəmiyyətindən və Azərbaycan ilə Almaniya arasında mövcud əməkdaşlığın müxtəlif aspektlərindən söz açmışdır.
Gecədə iştirak edən Potsdam Universitetinin professoru Filfred Furman və muzeyin direktor müavini Keti Kolvits də Xocalı soyqırımına dair öz düşüncələrini iştirakçılarla bölüşmüşlər.
Tədbirdə Günel Anarqızının iki hekayəsi - “Ataya məktub” və “Şuşa” alman dilində səsləndirilmişdir.
Sonra “Qarabağ hekayələri”ni müzakirə etmək üçün Günel Anarqızı səhnəyə dəvət olunmuşdur.
Yazıçı iştirakçıların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, yurd-yuvalarından didərgin düşmüş insanlar, eləcə də layihə haqqında suallarını cavablandırmışdır.
Sonda tədbir iştirakçılarına müəllifin imzası ilə kitablar hədiyyə olunmuşdur.