Xocavəndli gənclər pandemiya ilə bağlı aparılan maarifləndirmə tədbirlərində fəal iştirak edirlər
Beyləqan, 20 iyul, AZƏRTAC
Xocavənd rayonundan olan gənclər COVID-19 pandemiyası ilə bağlı aparılan maarifləndirmə tədbirlərində fəal iştirak edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə növbəti aksiya keçirilib. Gənclər və İdman İdarəsinin əməkdaşları və gənc könüllülər Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar əsasında Xocavənd rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki 500 ailəlik, 320 ailəlik və 146 ailəlik məcburi köçkün qəsəbələrində sakinlərlə maarifləndirici söhbətlər aparıblar. Sakinlərə sosial məsafənin qorunması, tibbi-gigiyenik vasitələrdən və maskalardan istifadəsinin zəruriliyi barədə məlumatlar verilib, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandığı halda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə olunub. Şifahi məlumatlandırma ilə yanaşı, sakinlərə tibbi maska və məlumatlandırıcı vərəqələr paylanıb.