Xüsusi xidmət orqanlarında peşəkar kadr potensialı formalaşdırılıb
Abşeron rayonunda Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi qeyd olunub
Xırdalan, 28 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Martın 28-də Abşeron rayon Heydər Əliyev Mərkəzində Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə rayon rəhbərliyi və DTX-nin rayon şöbəsinin kollektivi Mərkəzin önündə Ümummilli Liderin abidəsini ziyarət edərək, dahi rəhbərin əziz xatirəsini ehtiramla anıblar.
Mərkəzin Akt zalında keçirilən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin inkişaf tarixinin, səmərəli fəaliyyətinin, ölkəmizə qarşı daxili və xarici təhdidlərin qarşısının alınması istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlərin əks olunduğu sənədli film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-nin Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunduğun xatırladaraq, DTX əməkdaşlarını bu münasibətlə təbrik edib.
O, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində yaradılan Baş Qərargahda Kəşfiyyat və Əks-Kəşfiyyat Bölməsindən başlayan təhlükəsizlik orqanının keçdiyi çətin və şərəfli yola nəzər salaraq vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında 25 illik fəaliyyəti dövründə bu qurumun inkişafı sürətlənib və milliləşib. Məhz onun fəaliyyəti nəticəsində təhlükəsizlik orqanlarının yad ünsürlərdən təmizlənməsinə, milliləşmə siyasətinin aparılmasına, milli kadrların irəli çəkilməsinə geniş yer verilib. Bildirilib ki, 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə azərbaycanlının, məhz Heydər Əliyevin təyin olunması bu orqanın tarixində yeni bir səhifənin başlanğıcı oldu.
Xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin rəhbərliyi nəticəsində xüsusi xidmət orqanlarında peşəkar kadr potensialı formalaşdırıldı, strukturu təkmilləşdirildi, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətləri müəyyənləşdirildi. Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti fəaliyyətini yüksək səviyyədə davam etdirir.
Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon şöbəsinin rəisi Ruslan Rəhimov, Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Rahib Seyidov, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, Abşeron rayon YAP Qadınlar Şurasının sədri, Əməkdar müəllim Teyyubə Hüseynova və digərləri çıxış edərək Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixindən, inkişaf mərhələlərindən və keçdiyi şərəfli yoldan ətraflı söhbət açıblar.
Sonda xidmətdə fərqlənmiş Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon şöbəsinin bir qrup əməkdaşı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, DTX-nin Abşeron rayon şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri və gənclər bir neçə gün öncə Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında yerləşən “Şöhrət” muzeyində olublar.
“Şöhrət” muzeyi ilə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, burada nümayiş etdirilən nadir eksponatlar, sənədlər və arxiv materialları ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini, xalqımızın taleyindəki misilsiz rolunu, o cümlədən ömrünün 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanında xidmət dövrünü və onun bilavasitə rəhbərliyi ilə keçirilmiş əməliyyatlar haqqında məlumatları əks etdirir.
Daha sonra muzey haqda qısa film nümayiş olunub. Muzeyə “Abşeron 50” kitabı hədiyyə edilib.
Qonaqlar “Şöhrət” Muzeyindən xoş təəssüratla ayrılıblar.