ELM VƏ TƏHSİL
“XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”nin V kitabı işıq üzü görüb
Bakı, 25 may, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”nin V kitabı nəşr edilib. İnstitutun Elmi şurasının qərarı ilə çap olunan kitab böyük pedaqoq, alim və yazıçı Mir Cəlal Paşayevə və müasirlərinə həsr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda Mir Cəlalın bədii-elmi yaradıcılığı müasir elmi meyarlar və nəzəri-metodoloji prinsiplər mövqeyindən araşdırılır. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Şirindil Alışanlı, rəyçiləri filologiya elmləri doktoru Rəhim Əliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoydur.
Nəşrdə Elçinin “Yazıçı, alim, pedaqoq”, İsa Həbibbəylinin “Mir Cəlal ədəbi-elmi məktəbi: sadəlik, dərinlik və professionallıq”, Şirindil Alışanlının “XX əsr Azərbaycan ədəbiyyatının Mir Cəlal fenomeni” və sair tədqiqatlar yer alıb. Məqalələrin müəllifləri Tehran Əlişanoğlu, Bədirxan Əhmədli, Vaqif Yusifli, Mahirə Quliyeva, Aygün Bağırlı, Təyyar Salamoğlu, Mərziyyə Nəcəfova, İlham Məmmədli, Yadigar Əsgərova, Səfurə Quliyeva, Aytən Rüstəmzadə, Nazif Qəhrəmanlı, Razim Məmmədov və Tahir Məsimovdur.