“Yaas” qasırğası Hindistanda altı nəfərin həyatına son qoyub VİDEO
Bakı, 27 may, AZƏRTAC
Hindistanın şərqində yerləşən Odişa və Qərbi Benqaliya ştatlarında yaşayan 10 milyon insan “Yaas” qasırğasının təsir zonasına düşüb.
AZƏRTAC India TV telekanalına istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət nəticəsində azı altı nəfər həlak olub.
Odişa ştatında 128 kənd güclü küləyin Benqal körfəzindən gətirdiyi suyun altında qalıb. Nəticədə minlərlə ev, o cümlədən məktəb binası yararsız hala düşüb. Qərbi Benqaliya ştatında isə 300 minə yaxın yaşayış binasına və 134 bəndə zərər dəyib.
Bu ştatların paytaxtı Kəlküttə və Bhubaneşvar şəhərlərində leysan yağışları səbəbindən avtomobil yollarını və küçələri su basıb. Külək çox sayda elektrik dirəyini aşırıb. Hakimiyyət orqanları bölgəyə dəyən zərəri və xəsarət alanların sayını dəqiqləşdirməyə çalışır. Axtarış-xilasetmə əməliyyatlarına və bərpa işlərinə Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının hərbçiləri cəlb olunub.
Hindistan Meteorologiya xidmətinin məlumatına görə, yaxın 12 saat ərzində “Yaas” qasırğasının gücü zəifləyəcək.
Qeyd edək ki, “Yaas” qasırğası bu ay Hindistanı cənginə alan ikinci siklondur. Mayın 16-da Hindistanın qərb sahilləri güclü “Tauktae” siklonunun təsirinə məruz qalıb. Nəticədə Qucarat ştatında azı 45 nəfər həlak olub və regiona böyük həcmdə iqtisadi zərər dəyib.