Yalama Gömrük postundan Rusiyaya göndərilən meyvə-tərəvəz məhsullarının həcmi 20 faiz artıb VİDEO
Xaçmaz, 17 yanvar, Elxan Yusifli, AZƏRTAC
Ötən il Xaçmaz Gömrük İdarəsinin Yalama Gömrük postundan Rusiya Federasiyasına 4 min 468 vaqon olmaqla, 201 min ton meyvə-tərəvəz ixrac edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə Yalama Gömrük postundan kənd təsərrüfatı məhsullarının ixrac həcmi 20 faiz artıb. 2016-cı ildə Rusiyaya 3 min 977 vaqon olmaqla, 158 min ton meyvə-tərəvəz məhsulu göndərilmişdi.
Ölkəmizin müxtəlif rayonlarında yetişdirilən kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına ixracı hazırda da davam edir. Qonşu ölkəyə əsasən alma, xurma və nar göndərilir.
Yalama Gömrük Postunun rəisi Valid Nəsirov qeyd edib ki, hazırda anbarlardakı meyvə-tərəvəz heç bir maneəsiz qonşu ölkəyə göndərilir. Məhsulların ixracı üçün nə Rusiya, nə də Azərbaycan tərəfdə çətinlik yoxdur. V.Nəsirov bildirib ki, “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Fərmanda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı da ixracın stimullaşdırılmasında mühüm rol oynayır. Dəyişikliyə əsasən hər bir ixracatçı üçün beynəlxalq sertifikatın alınmasına görə ödənilən dəstək məbləği çəkilən xərclərin 50 faizini (60 min manatdan artıq olmamaqla) təşkil edir.
Fermer və ixracatçılar da bildirirlər ki, Azərbaycan məhsullarına Rusiyada böyük tələbat var. Bu, ilk növbədə məhsullarımızın ekoloji cəhətdən təmiz və keyfiyyətli olması ilə bağlıdır. Həm tələbat, həm də məhsulun Rusiya bazarlarına çıxışında əvvəllər yaşanan çətinliklərin aradan qalxması nəticəsində ixrac həcmində artım qeydə alınmaqdadır.