SİYASƏT
Yalçın Hacızadə: ABŞ Prezidentinin məktubu çox böyük siyasi və strateji əhəmiyyətə malikdir
![Yalçın Hacızadə: ABŞ Prezidentinin məktubu çox böyük siyasi və strateji əhəmiyyətə malikdir](/files/2022/2/1200x630/1654267054576358840_1200x630.jpg)
Bakı, 3 iyun, AZƏRTAC
ABŞ-la Azərbaycanın diplomatik münasibətlərinin bu il 30 illiyi qeyd edilir. Cozef Bayden Prezident seçilməsindən keçən müddət ərzində bir neçə dəfə Prezident İlham Əliyevə bayramlar və ya ölkəmizdə keçirilən tədbirlər barədə məktub göndərib. Bu məktublarda həm 30 illik müddət ərzində ABŞ-Azərbaycan münasibətlərinin keçdiyi yola nəzər salınır, edilən ortaq nailiyyətlər vurğulanır, həm də ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri ilə bağlı mühüm fikirlər bildirilir.
Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyimiz vaxtda ABŞ Prezidentinin növbəti məktubu Azərbaycanın həyata keçirdiyi və ABŞ-la əməkdaşlığın əsasını təşkil etdiyi sahələrə dəstəyin göstəricisidir. Məktub diqqətlə seçilmiş diplomatik ifadələr və xüsusi məzmunu ilə əlamətdardır. ABŞ Prezidenti, ilk növbədə, hazırda dünyada baş verən mühüm geosiyasi proseslərə və vaxtilə ABŞ ilə Azərbaycanın həyata keçirdiyi fəaliyyətin məhz indiki kritik mərhələdə öz bəhrəsini verdiyini qeyd edir.
Bunu AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.
O bildirib ki, ABŞ-Azərbaycan münasibətlərində transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələləri prioritet təşkil edir. ABŞ Azərbaycanın bu sahələrdə oynadığı rolu daha qlobal kontekstdə və beynəlxalq əhəmiyyətlilik baxımından daha yüksək qiymətləndirir ki, bu da özlüyündə Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rolun əhəmiyyətini və seçilmiş yolun düzgünlüyünü bildirir.
Bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə biz həm də təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə zəruri investisiya və dəyişikliklər edirik. Azərbaycan yeraltı sərvətlərdən istifadə etdiyi kimi coğrafi mövqeyinə görə malik olduğu resurslardan da təmiz enerji əldə etməyə çalışır.
“Məktubda 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlıq, Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynamasının vurğulanması, Transxəzər əməkdaşlığının nəhəng potensialının göstərilməsi Vətən müharibəsindən sonra Azərbaycanın həyata keçirdiyi siyasətin ABŞ tərəfindən də qəbul edildiyini əks etdirir. Çünki Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması, Azərbaycanın onunla sülh müqaviləsinin bağlanılmasına çalışması regionda sülhün təmin olunması, torpaqların işğaldan azad olunması, bərpa edilməsi, kommunikasiya xətlərinin çəkilməsi enerjinin şaxələndirməsi üçün böyük fürsətlər verir”, - deyə Y.Hacızadə qeyd edib.
Onun sözlərinə görə, ABŞ Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib addım hesab edir və bunu alqışlayır. Yəni, ABŞ müharibənin iştirakçısı olan Rusiyanın Azərbaycanın qonşusu olmasına baxmayaraq, hansı risklər və çətinliklər hesabına Ukraynaya dəstək verdiyinin fərqində olduğunu və ölkəmizin bu cəsarətli addımını, beynəlxalq hüquqa sadiqliyini yüksək qiymətləndirdiyini bildirir.
“Dünyada qlobal gərginliyin artdığı, ətrafımızda Rusiya-Ukrayna müharibəsinin davam etdiyi və Ermənistan Azərbaycan münasibətlərinin normallaşmasına edilən cəhdlər fonunda ABŞ-ın Azərbaycana bu cür açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir.
Bütün bunlar Prezident İlham Əliyevin formalaşdırdığı və həyata keçirdiyi diplomatiyanın nə qədər düzgün və uzaqgörən siyasət olduğunu bildirir”, - deyə Yalçın Hacızadə fikirlərini yekunlaşdırıb.