YALTA KAFESİNDƏ PARTLAYIŞ NƏTİCƏSİNDƏ ZƏRƏR ÇƏKMİŞ HƏMVƏTƏNLƏRİMİZİN HƏYATI ÜÇÜN TƏHLÜKƏ YOXDUR
Xəbər verdiyimiz kimi, Yaltanın mərkəzi bazarı ərazisində yerləşən “Dinamo” kafesində aprelin 1-də axşam qaz balonunun partlaması nəticəsində həmvətənlərimiz də xəsarət almışlar.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, xəsarət almış Azərbaycan vətəndaşları Yaltanın Livadiya xəstəxanasına qoyulmuşlar. Xəstəxanaya bu nömrələrə zəng etmək olar: 8 (0654) 31 - 59 -60, 31-25-61, 22- 03- 22, 22-14-59; yanıq şöbəsi: 8 (0654) 22-14-61.
Xəsarət alan Azərbaycan vətəndaşları aşağıdakılardır:
Əziz Balazadə, 46 yaş, yuxarı ətrafın, sifətin, yuxarı tənəffüs yollarının yanığı - 22 faiz I-II dərəcəli yanıq. I dərəcəli yanıq şoku, vəziyyəti ağırdır. Reanimasiya şöbəsindədir.
Sevda Balayeva, 35 yaş, sifətin, hər iki əlin, yuxarı tənəffüs yollarının I-II dərəcəli yanığı, 7 faiz yanıq səthi, vəziyyəti orta ağırdır. Xəstəxananın travmatologiya bölməsinə qoyulmuşdur.
Emil Kərimov, 27 yaş, sifətin, hər iki biləyin yanığı, vəziyyəti orta ağırdır. Xəstəxananın travmatologiya bölməsinə qoyulmuşdur.
Rəşad Balayev, 22 yaş. Aprelin 2-də Simferopoldakı yanıq mərkəzinə göndərilmişdir. I-III dərəcəli baş, sifət, boyun, yuxarı ətraf yanığı almışdır. Yüngül yanıq şoku, vəziyyəti orta ağırdır.
Etovan (belə yazılmışdır - Z.A.) Tağıyev, 24 yaş, qapalı kəllə-beyin zədəsi, zədələnmiş baş yarası. Vəziyyəti orta ağırdır. Xəstəxananın cərrahiyyə bölməsinə qoyulmuşdur.
Həkimlər bildirirlər ki, həmvətənlərimizin həyatı üçün heç bir təhlükə yoxdur. Zərərçəkənlərin hamısına mütəxəssislər baxmış, onlar müvafiq müalicə keçir, əlavə müayinə edilirlər.
Həmvətənlərimizin zəruri dərman preparatları ilə təmin olunmasına Krımdakı diasporumuzun üzvləri, o cümlədən sahibkar Əli Orucov böyük yardım göstərirlər.