YANVAR AYINDA VERGİDƏN YAYINANLAR BARƏDƏ 15 CİNAYƏT İŞİ BAŞLANMIŞDIR
Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin yanvar ayında Nazirliyin yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergidən yayınma və qanunsuz sahibkarlıq faktları ilə bağlı daha 15 cinayət işi başlanmışdır.
Bakı Şəhər Vergilər Departamentinin 1 saylı filialında qeydiyyatda olan “Azərbaycan Respublikası Mübariz Veteranlar Birliyinin Səbail rayon şöbəsi”nin 489 milyon manat, 2 saylı filialda qeydiyyatda olan “Akgül” və “Azərtəchizat-Ticarət” MMC-lərin ümumilikdə 3 milyard 14,9 milyon manat, 3 saylı filialda qeydiyyatda olan “A.T.Servis”, “Azər Terminal”, “Bərəkət T.C.” MMC-lərin, “Fidan-V”, “Odlar yurdu” firmalarının ümumilikdə 3 milyard 403,9 milyon manat, 2 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan “Stukko” MMC-nin 1 milyard 466,3 milyon manat, Bakı Şəhər Vergilər Departamentinin 3 saylı filialında qeydiyyatda olan “Vüsalə” və 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan “Yelkən” firmalarının direktoru Mircamil Ağarıza oğlu Məmmədovun 925,2 milyon manat, yəni külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdıqları müəyyənləşdirilmişdir. Adları çəkilən hüquqi və fiziki şəxslərə qarşı Cinayət Məcəlləsinin 213.4-cü maddəsi ilə cinayət işləri başlanmışdır.
Bundan başqa, 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan fiziki şəxs Xəlil Kazım oğlu İbrahimovun 270,4 milyon manat, yəni külli miqdarda vergiləri dövlət büdcəsinə ödəmədiyi aşkar edilmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 213.2.1-ci və 213.2.2-ci maddələri ilə cinayət işi qaldırılmışdır. Eyni zamanda, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Bakı Şəhər Vergilər Departamentinin 2 saylı filialında qeydiyyatda olan Səyyad Heydər oğlu Mirzəyevin 47,5 milyon manat, 3 saylı filialda qeydiyyatda olan fiziki şəxs Füzuli Tapdıq oğlu Şirinovun 24,2 milyon manat və 2 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan “Ceyhun” kiçik müəssisəsinin 124,9 milyon manat, yəni xeyli miqdarda vergiləri ödəməkdən yayındırması faktları ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işləri başlanmışdır.
Yanvar ayında departamentin əməkdaşları qanunsuz sahibkarlıq faktı da aşkar etmişlər. 12 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan Elxan Bəndalı oğlu Məmmədovun 21,7 milyon manat dəyərində saxta aksiz markası ilə markalanmış və ümumiyyətlə aksiz markası ilə markalanmamış 33015 qutu tütün məmulatını satış məqsədi ilə saxladığı müəyyənləşdirilmişdir. Faktla əlaqədar Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə cinayət işi açılmışdır.