YAP AĞSU RAYON TƏŞKİLATININ VI KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ağsuda Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının VI konfransı olmuşdur.
Tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev adına mərkəzi meydanında ulu öndərimizin abidəsi önünə tər çiçəklər düzmüşlər.
Rayon icra hakimiyyətinin iclas zalında davam etdirilən tədbirdə Azərbaycanın dövlət himni səsləndirilmiş, partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP rayon təşkilatı sədrinin müavini Əli Hüseynov ötən konfransdan sonra görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə etmiş, müzakirələr aparılmışdır. Qeyd olunmuşdur ki, 1993-cü ilin əvvəllərindən fəaliyyətə başlayan rayon təşkilatı öz sıralarında 2883 nəfər üzvü birləşdirir. Rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən partiya üzvləri bu gün YAP-ın sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, qarşıya qoyulan vəzifələrin həlli üçün fədakarlıqla çalışırlar.
Məruzə və çıxışlarda qarşıda duran vəzifələrdən danışılmış və qeyd olunmuşdur ki, indi bütün səylər oktyabr ayında keçiriləcək prezident seçkilərinə hazırlığa yönəlmişdir. Qətiyyətlə bildirilmişdir ki, bütün partiya üzvləri bir nəfər kimi bu seçkilərdə də yekdilliklə ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, YAP-ın sədri, dövlət başçısı İlham Əliyevi dəstəkləyəcəklər.
Konfransda Milli Məclisin deputatı Ərəstun Cavadov çıxış etmişdir. Deputat daha səmərəli fəaliyyət üçün YAP rayon təşkilatına “Niva” markalı avtomobil hədiyyə edəcəyini bildirmişdir.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev konfransda çıxış edərək regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin həlli, son aylar Ağsuda həyata keçirilən geniş tikinti-quruculuq və abadlıq işlərindən danışmışdır.
Konfransda Yeni Azərbaycan Partiyasının VI qurultayına 5 nəfərdən ibarət nümayəndə seçilmişdir.
YAP icra katibliyinin məsul işçisi Qalib Əsgərov konfransda iştirak etmişdir.