YAP bölgədə ən güclü siyasi qüvvəyə, ümumxalq partiyasına çevrilib
Tərtər, 21 noyabr, AZƏRTAC
Ölkənin ən çətin dövründə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyası (YAP) respublikamızın ictimai-siyasi həyatında yeni mərhələnin, yeni tarixin başlanğıcını qoyub. Hər zaman öz fəaliyyəti ilə dövlətimizin inkişafına xidmət edən YAP bölgədə ən güclü siyasi qüvvəyə, ümumxalq partiyasına çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər YAP-ın yaradılmasının 29-cu ildönümü münasibətilə Tərtərdə keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. YAP rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Ramiz Şabanov məruzə ilə çıxış edərək, partiyanın dövlətimiz və xalqımız qarşısında göstərdiyi fəaliyyətdən ətraflı bəhs edib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını həm YAP-ın yaranmasının 29-cu, həm də Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə təbrik edib, 44 günlük müharibədən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, partiyanın keçdiyi şərəfli yoldan danışıb. “Biz bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünü tarixi torpaqlarımızın işğaldan azad olunmasının qüruru ilə qeyd edirik. Əminik ki, möhkəm təməl üzərində qurulan Yeni Azərbaycan Partiyasının uğurları davamlı olacaq”, - deyə M.Məmmədov bildirib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Seyidimli kənd ərazi partiya təşkilatının sədri Hicran Hüseynova, Mamırlı kənd tam orta məktəbinin müəllimi Səbuhi Kərimov və başqaları çıxış edərək öz sıralarında 760 mindən çox partiya üzvünü birləşdirən Yeni Azərbaycan Partiyasının Azərbaycanın xoşbəxt gələcəyi naminə fədakar fəaliyyətindən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvünə, YAP-ın 29-cu ildönümü ilə əlaqədar keçirilən şahmat yarışının qaliblərinə fəxri fərman və hədiyyələr, partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.