YAP NƏSİMİ RAYON TƏŞKİLATININ VI KONFRANSINDA PARTİYANIN IV QURULTAYINA NÜMAYƏNDƏLƏR SEÇİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 4-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının VI konfransı keçirilmişdir.
Konfransın iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan sarayın qarşısına gələrək, ulu öndərin burada ucaldılmış abidəsinin önünə əklil qoymuş, xatirəsini ehtiramla yad etmişdir.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova V konfransdan keçən dövrdə görülmüş işlər, qazanılmış uğurlar və qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı məlumat vermişdir. Partiya üzvlərinin rayonun əsas aparıcı siyasi qüvvəsinə çevrildiyini vurğulayan M.Həsənova rayon təşkilatının sıralarında hazırda 20 min 543 nəfəri birləşdirdiyini, son bir ilyarımda 10 yeni ilk təşkilatın yaradıldığını bildirmişdir.
Xalqımız üçün əlamətdar hadisələrlə zəngin olan 2008-ci ildə rayon təşkilatının qarşıdan gələn prezident seçkilərinə ciddi hazırlaşdığı da qeyd olunmuşdur. Bildirilmişdir ki, Milli Qurtuluş günü ərəfəsində istifadəyə verilmiş YAP rayon təşkilatının yeni binası prezident seçkilərində təbliğat kampaniyasının daha yüksək səviyyədə qurulmasına birbaşa müsbət təsir göstərmişdir. Bunun nəticəsidir ki, partiya rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir. YAP fəallarından ibarət qruplar yaradılaraq, onların köməyi ilə maarifləndirmə işləri aparılır, dairə və məntəqə seçki komissiyalarında fəaliyyət göstərəcək əsas və məşvərətçi səs hüququna malik olan üzvlər təlimatlandırılır, müşahidəçilər seçilir, onların işi günün tələbləri səviyyəsində qurmalarına xüsusi diqqət yetirilir. Bundan başqa seçici, siyahılarının dəqiqləşdirilməsi ilə bağlı müvafiq qurumlara da lazımi kömək göstərilir.
Oktyabrda keçiriləcək prezident seçkilərinin xalqın monolit birliyini, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, dövlətçiliyimizə olan sarsılmaz sədaqət və inamını əyani şəkildə nümayiş etdirəcəyini vurğulayan M.Həsənova demişdir ki, vətəndaşlarımız bu seçkilərdə də düzgün seçim edərək, ulu öndərin siyasi xəttinin layiqli davamçısı İlham Əliyevə yekdilliklə səs verəcəklər.
Konfransda səhiyyə naziri Oqtay Şirəliyev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, Dillər Universitetinin tələbəsi Aygün Allahverdiyeva və YAP icra katibinin müavini Mübariz Qurbanlı çıxış edərək son 5 ildə ölkəmizdə qazanılmış uğurlardan, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə aparılan quruculuq işlərindən danışmışlar. Qeyd olunmuşdur ki, dövlətimizin başçısı, YAP sədri İlham Əliyev tərəfindən ümummilli liderimiz Heydər Əliyevin yaradıcısı olduğu siyasi xəttin uğurla davam etdirilməsi Azərbaycanı regionun lider dövlətinə çevirmiş, xalqımızın rifah halı xeyli yaxşılaşmışdır. Bu müvəffəqiyyətlər qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirilir və növbəti prezident seçkilərində YAP sədri İlham Əliyevin parlaq qələbə qazanacağı heç kimdə şübhə doğurmur.
Konfransda Yeni Azərbaycan Partiyasının IV qurultayına nümayəndələr seçilmişdir.
######
![]() |
![]() |
![]() |
![]() |



