YAP ölkəmizin inkişafında, dövlətimizin güclənməsində misilsiz xidmətlər göstərib
Ağcabədi, 21 noyabr, AZƏRTAC
Azərbaycanın dövlət müstəqilliyinin əvvəllərində tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizin inkişafında, dövlətin güclənməsində, xalqımızın rifah halının yüksəlməsində misilsiz xidmətlər göstərib. YAP-ın ölkəmizin ictimai-siyasi həyatında yeri və rolu müstəqil Azərbaycan tarixinin şərəfli səhifəsini təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir YAP-ın yaranmasının 28-cı ildönümü münasibətilə partiyanın Laçın rayon təşkilatında keçirilən videokonfransda səsləndirilib.
Videokonfransda çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Vətən müharibəsində qazanılan şanlı qələbə münasibətilə iştirakçıları təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib. Təşkilat sədri Partiyasının keçdiyi şərəfli yoldan, ötən dövr ərzində qazandığı uğurlardan danışıb. Bildirilib ki, dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda ictimai-siyasi gərginlik, vətəndaş qarşıdurması, iqtisadi böhran getdikcə dərinləşir, hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı belə bir dövrdə xalq yeganə xilas yolunu Heydər Əliyev dühasında, Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində görürdü. Xalqın geniş təbəqəsinin istəyini ifadə edən 91 nəfər ziyalı 1992-ci il oktyabrında Heydər Əliyevə müraciət göndərdilər. Ulu Öndər çox keçmədən xalqa dövlətçiliyimiz üçün “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı çox əhəmiyyətli çağırış ünvanladı. Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi.
Tədbirdə digər çıxış edənlər Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolu və xidmətlərindən bəhs ediblər.