Yaponiya hökuməti koronavirusla mübarizə məqsədilə ikinci əlavə büdcəni parlamentə təqdim edib
Tokio, 9 iyun, AZƏRTAC
Yaponiya hökuməti kronavirusla mübarizə məqsədilə 2020-ci maliyyə ili üzrə ikinci əlavə büdcənin layihəsini parlamentə təqdim edib.
AZƏRTAC Yaponiya Nazirlər Kabinetinə istinadla xəbər verir ki, əlavə büdcənin ümumi məbləğinin 31,91 trilyon yen (291 milyard dollar) olması nəzərdə tutulur.
Qeyd edilir ki, hökumət tərəfindən mayın 27-də təsdiq edilən əlavə büdcə özündə apreldə çətinliklərlə qarşılaşan kiçik şirkətlərə yardımın yeni paketini əks etdirir.
Hökumət bəyan edib ki, faktiki büdcə xərcləri ilə yanaşı, kreditləri və investisiyaları özündə birləşdirən paket təqribən 117 trilyon yen təşkil edir və bu da aprelin 30-da qəbul edilən birinci əlavə büdcəyə bərabərdir. Cari maliyyə ili üçün nəzərdə tutulan ikinci əlavə büdcənin iyunun 10-da parlamentin aşağı palatasında bəyəniləcəyi gözlənilir. Bundan bir gün sonra isə onun müzakirəsinin yuxarı palatada davam etdiriləcəyi bildirilir.
Qeyd edək ki, Baş Nazir Şinzo Abenin rəhbərlik etdiyi hökumət ölkədə koronavirus pandemiyasının nəticələrini aradan qaldırmaq məqsədilə yeni büdcə layihəsini hazırlayıb. Bu büdcə layihəsində yeni tədbirlər sırasında kiçik və fərdi müəssisələr üçün icarə xərclərinin subsidiyalaşdırılması proqramı nəzərdə tutulur ki, bunun üçün də 6 milyon yen ayrılacaq.
Bununla yanaşı, hökumət COVID-19-a qarşı mübarizənin ön cəbhəsində çalışan tibb işçilərinin hər birinə 200 min yen, eyni zamanda, sərbəst çarpayıya malik və virusa yoluxmuş xəstələri qəbul etməyə hazır olan xəstəxanaların hər bir əməkdaşına 100 min yen ödənilməsini planlaşdırır.
Koronavirus pandemiyasına görə, əməkdaşları işə çağırmayan şirkətlərə yardım məqsədilə işçilər üçün gündəlik ödənişin 8 min 330 yendən 15 min yenə qaldırılması da nəzərdə tutulur.
Büdcə layihəsində, həmçinin virusa qarşı gələcək mümkün əks tədbirlər üçün 10 trilyon yen dəyərində ehtiyat fond da var.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio