İQTİSADİYYAT
YAPONİYA HÖKUMƏTİNİN QRANTI HESABINA
Respublikamıza ümumi dəyəri 372 milyon yapon yenası məbləğində müxtəlif yol tikintisi texnikası gətirilmişdir.
Bununla əlaqədar “Azəravtoyol” Dövlət Şirkətində təşkil edilmiş mərasimdən əvvəl baş nazirin müavini Abid Şərifov və Yaponiyanın Bakıdakı səfiri Tetsuya Hirose, Yaponiyanın “Mitsubisi”, “İtocu”, “Kataxira”, “Nissan” kimi məşhur şirkətlərinin ölkəmizə göndərdikləri səyyar laboratoriyaların, asfaltdöşəyən maşınların və qreyderlərin ən yaxşı nümunələri ilə tanış oldular.
Baş nazirin müavini Abid Şərifov təmənnasız yardıma görə Yaponiya hökumətinə öz minnətdarlığını bildirərək dedi ki, 1998-ci ilin fevralında Azərbaycan Prezidenti Heydər Əliyevin bu ölkəyə rəsmi səfərindən sonra Yaponiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr intensiv inkişaf etməyə başlamışdır. İki ölkə arasında iqtisadi əməkdaşlığın öncül istiqamətləri səfərdən sonra yaradılan hökumətlərarası iqtisadi komissiya tərəfindən müəyyənləşdirilmişdir.
Abid Şərifov Azərbaycanın energetika sektoruna 350 milyon dollar məbləğində uzunmüddətli kredit ayrılması barədə Yaponiya hökumətinin son qərarının əhəmiyyətini xüsusi vurğuladı. Həmin kredit hesabına iri elektrik stansiyası tikmək planlaşdırılır.
Mərasimdə çıxış edən Yaponiyanın Bakıdakı səfiri Tetsuya Hirose bildirdi ki, Azərbaycan və Yaponiya tarixi Böyük İpək yolu üstündə yerləşirlər. Bu da TRASEKA proqramı çərçivəsində birgə layihələri həyata keçirmək üçün gözəl şərait yaradır. Təsadüfi deyildir ki, sənaye cəhətdən inkişaf etmiş Yaponiyanın hökuməti Azərbaycanla əlaqələrin möhkəmlənməsinə böyük əhəmiyyət verir. Yaponiyanın tanınmış şirkətləri yol çəkilişi ilə yanaşı, energetika, kənd təsərrüfatı sektorlarında, habelə mədəniyyət, təhsil və səhiyyə sahələrində də layihələrin həyata keçirilməsində fəal iştirak edirlər.
Səfir onu da bildirdi ki, Azərbaycan iqtisadiyyatının müxtəlif strukturlarının inkişafı üçün Yaponiya hökümətinin qrantlar ayırması prosesi davam etdiriləcəkdir.
Mərasimdə “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti Yusif Novruzov, Yaponiyanın “İtoçu” və “Kataxira” şirkətlərinin nümayəndələri də çıxış etdilər.