Yaponiya saytı Azərbaycan Prezidentinin Türkiyəyə səfərindən yazıb
Tokio, 11 mart, AZƏRTAC
Yaponiya “ajmedia.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin martın 10-da Ankaraya səfəri və Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanla görüşü barədə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, ingilis və yapon dillərində yayılan məlumatda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada görüşdüyü bildirilib.
Qeyd edilib ki, görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb. Postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olunub.
Görüş zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edilib. Türkiyə və Ermənistan nümayəndə heyətlərinin ilkin təmasları barədə fikir mübadiləsi aparılıb.
Həmçinin görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulduğu, Cənub Qaz Kəmərinin uğurla fəaliyyət göstərdiyi qeyd olunub. Bu kəmər vasitəsilə Türkiyəyə və Avropaya qaz təchizatının artırılması imkanları nəzərdən keçirilib. Eyni zamanda, İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulanıb.
Söhbət əsnasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
İki qardaş ölkə arasında hərbi, hərbi-texniki, o cümlədən hərbi-təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Məlumatda görüş zamanı Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi aparıldığı, Türkiyə və Azərbaycanın, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi səylərinin yüksək qiymətləndirildiyi də əksini tapıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio