Yaponiya saytı Dünya Azərbaycanlılarının Şuşada təşkil ediləcək V Qurultayı barədə məlumat yayıb
Tokio, 20 aprel, AZƏRTAC
Yaponiyanın “ajmedia.jp” saytı Dünya Azərbaycanlılarının Şuşada təşkil ediləcək V Qurultayı barədə məlumat yayıb.
AZƏRTAC-a istinadla yapon və ingilis dilində yayımlanan məlumatda qeyd edilir ki, qurultay Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun erməni işğalından azad etdiyi Şuşa şəhərində təşkil ediləcək. Vurğulanır ki, böyük musiqiçilər yetişdirən Şuşa şəhəri Azərbaycanın qədim mədəniyyət paytaxtı hesab edilir.
Həmçinin tədbirdə dünyanın 65 ölkəsindən 400 nəfərə yaxın nümayəndənin iştirakının gözlənildiyi qeyd edilir. Bildirilir ki, qurultayın gündəliyinə əsasən rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin aparılması nəzərdə tutulur.
Məlumatda Dünya Azərbaycanlılarının V Qurultayının beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü olacağı da əksini tapıb. Vurğulanıb ki, bütün dünyaya səpələnmiş Azərbaycan diasporu son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio