Yaponiyada Azərbaycan haqqında növbəti təqdimat
Tokio, 29 oktyabr, AZƏRTAC
Yaponiyanın Haçiyoci şəhərində Azərbaycan haqqında növbəti təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Haçiyoci Beynəlxalq Assosiasiyasının təşkil etdiyi tədbirdə elektronika sahəsində tanınmış alim, əslən azərbaycanlı Xəlil Kələntər iştirakçılara ölkəmiz haqqında ətraflı məlumat verib. Bildirib ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan qədim mədəniyyəti və zəngin təbii ehtiyatları ilə bütün dünyada tanınıb. Müasir Azərbaycanın uğurlarını qeyd edən X.Kələntər ölkəmizin dövlət atributları, coğrafi mövqeyi, təbiəti, əhalisi, dini tolerantlığı, iqtisadiyyatı, enerji siyasəti barədə də söhbət açıb. O, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında məlumat verib, onun müsəlman Şərqində ilk demokratik parlamentli respublika olduğunu bildirib. 1991-ci ilin oktyabrında Azərbaycanın gərgin mübarizədən sonra öz dövlət müstəqilliyini bərpa etdiyini vurğulayıb.
Müstəqillik illərində Azərbaycanın dünya birliyinə inteqrasiya istiqamətində uğurları, xüsusilə də Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP və TANAP layihələri, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi beynəlxalq iqtisadi layihələrdə ölkəmizin aparıcı mövqeyi diqqətə çatdırılıb.
Təqdimatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və ağır nəticələri barədə də məlumat verilib. Xarici havadarlarına arxalanan Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsindən, bir milyondan çox azərbaycanlının ata-baba yurdlarından didərgin düşməsindən bəhs edilib. Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrində dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışan natiq 1992-ci ilin fevralında Xocalı şəhərində baş vermiş qırğın üzərində xüsusi dayanıb. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq üçün ermənilər tərəfindən nəzarət olunan ərazidən keçməli idilər. Amma Xocalı sakinlərindən 613-ü amansızlıqla qətlə yetirildi. Faciə zamanı hətta müdafiəsiz körpə uşaqların, qocaların, qadınların xüsusi qəddarlıqla qətlə yetirildiyi iştirakçıların diqqətinə çatdırılıb.
Xocalı soyqırımını Ermənistanın yalnız azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilmiş qanlı cinayəti adlandıran X.Kələntər Dağlıq Qarabağda və ətraf 7 rayonda günahsız insanların xüsusi amansızlıqla etnik təmizləməyə məruz qaldığını vurğulayıb. O, faciənin törədilməsində birbaşa iştirak etmiş hazırkı Ermənistan rəhbərliyinin beynəlxalq məhkəmə qarşısında cavab verməli olduğunu bildirərək bu kimi cinayətlərə qarşı xalqların birgə səylərinin artırılmasının vacibliyini qeyd edib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio